İranın İraqın Ərbil şəhərinə raket zərbələri nəticəsində Böyük Britaniya vətəndaşı ölüb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi yanvarın 18-də məlumat yayıb.
Bildirilib ki, krallığın xarici işlər naziri Devid Kameron Davosda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Britaniyalı nazir iranlı həmkarından Tehranın nüfuzundan istifadə edərək Yəməndə husilərin fəaliyyətinin qarşısını almağa çağırıb. O, husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə hücumunu qanunsuz və qəbuledilməz adlandırıb.
D.Kameron görüşdə İranı husiləri silahlandırmaqda ittiham edib. O vurğulayıb ki, Tehran regionda yaranmış mövcud vəziyyətdən başqa ölkələrin suverenliyinə hücumları üçün pərdə kimi istifadə etməyi dayandırmalıdır.
Xatırladaq ki, yanvarın 16-da İran İraqın Ərbil şəhərini raket atəşinə tutub, 4 nəfər ölüb, 7 nəfər yaralanıb.