Bakı. 7 mart. REPORT.AZ/ Britaniya kraliçası II Yelizavetanın nəvəsi Piter Fillipsin idarə etdiyi şirkətə 2016-cı ilin iyun ayında kraliçanın 90 illik yubileyi münasibətilə xeyriyyə qəbulu təşkil etmək məqsədilə 750 min funt sterlinq (900 min dollardan çox) ödənilib. "Report" BBC-yə istinadən xəbər verir ki, Bukingem sarayı bununla əlaqədar mətbuata izahat vermək məcburiyyətində qalıb.
Belə ki, bu məbləğ tədbirin təşkilatçılarının xeyriyyəçilik məqsədilə toplamağı bacardığı məbləğdən təxminən iki dəfə çoxdur.
"Patron`s Lunch" adlanan qəbul Londonun mərkəzində, Bukingem sarayına gedən yolda yerləşən Melle küçəsində açıq səma altında keçirilib. Tədbirin qonaqları qismində patronu II Yelizaveta olan 600-dən çox xeyriyyə fondu və təşkilatının 10 mindən çox nümayəndəsi çıxış edib.
Tədbirə giriş biletlərinin qiyməti 150 funt (təxminən 200 dollar) olub.
Belə bir naharın təşkil edilməsi ideyası şahzadə Annanın oğlu Piter Fillipsə məxsus olub. Özü də kraliçanın nəvəsi xeyriyyə qəbulunu təşkil etmək hüququnu tendersiz əldə edib.
Bukingem sarayının nümayəndələri bildiriblər ki, tədbirdən sonra Böyük Britaniya və Millətlər Birliyinə daxil olan ölkələrdəki 290 xeyriyyə təşkilatı 750 min funt sterlinq vəsait alıblar. Bu məbləğə həm "Patron`s Lunch" nəticəsində toplanan vəsaitlər, həm də digər birbaşa ianələr daxildir.
Həmçinin Piter Fillipsə məxsus "SEL UK" şirkətinin qəbul təşkil etməkdən heç bir mənfəət əldə etmədiyi xüsusi vurğulanıb.