İƏT-in Baş katibi korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 11:04
İƏT-in Baş katibi korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr müasir texnologiyaların inkişafı və maliyyə cinayətlərinin mürəkkəbliyi nəzərə alınmaqla korrupsiya ilə mübarizədə qarşılıqlı fəaliyyəti gücləndirməlidir.

"Report" xəbər verir ki, bunu İƏT-in Baş katibi İsmayıl uld Şeyx Əhməd Bakıda təşkilata üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə deyib.

"Müasir texnologiyalar qanunsuz maliyyə əməliyyatlarının gizlədilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsi və səlahiyyətli orqanların apardığı istintaqlara maneənin yaradılması üçün istifadə edilə bilər. Məhz buna görə də beynəlxalq əməkdaşlığı və informasiya mübadiləsini gücləndirmək lazımdır", - o qeyd edib.

Baş katib hüquq-mühafizə orqanlarının korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı haqqında Məkkə Konvensiyasının tezliklə qüvvəyə minməsinin vacibliyini vurğulayıb.

"Biz konvensiyanı hələ imzalamayan və ya ratifikasiya etməyən dövlətləri onun tezliklə qüvvəyə minməsi və səmərəli tətbiqi üçün zəruri prosedurları başa çatdırmağa bir daha çağırırıq", - o bildirib.

Onun sözlərinə görə, İƏT qanunsuz yolla əldə edilmiş aktivlərin qaytarılması və korrupsiyaya qarşı mübarizə fəaliyyətində müasir texnologiyaların tətbiqi məsələlərində BMT və digər beynəlxalq strukturlarla əməkdaşlığı inkişaf etdirməyə davam edir.

İsmayıl uld Şeyx Əhməd görüşün təşkilinə görə Azərbaycana təşəkkür edib və onun nəticələrinin götürülən öhdəliklərdən əməli addımlara keçidə kömək edəcəyinə əmin olduğunu bildirib.