İbrahim Namayva: Milli birlik və həmrəylik Afrika ölkələrinin Fransanın müstəmləkəçiliyinə qarşı silahıdır
- 12 iyun, 2025
- 18:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa müstəmləkəçiliyi və neomüstəmləkəçiliyi mövzusu son həftə ərzində Afrika ölkələri və Türkiyə mətbuatında aktual olaraq qalıb.
“Report”un məlumatına görə, nigeriyalı vətəndaş cəmiyyəti fəalı və Məsuliyyətli Vətəndaşlığın Təşviqi Hərəkatının (MPCR) üzvü İbrahim Namayva (Ibrahim Namaiwa) yerli “Télé Sahel” telekanalına bildirib ki, Fransa cəhalət ölkəsinə çevrilib.
"Fransa bizə müharibə elan edib və o, heç vaxt bizi rahat buraxmayacaq. Bir zamanlar bu, maarifçilik Fransası idi, bu gün isə görürük ki, o, cəhalət Fransasına çevrilib – terror törədən və suveren dövlətlərə müharibə elan edən həmin Fransaya. Biz bu vəziyyəti dərk edərək başa düşürük ki, Fransa heç vaxt bizi rahat buraxmayacaq. Buna görə də bizim silahımız ümumi səfərbərlik, zəifləməməli olan milli birlik və həmrəylik olmalıdır", - fəal hesab edir.
Toqodan olan politoloq Firmen Teko Aqbo "NW Info" nəşrinə bildirib ki, Fransanın müstəmləkə siyasəti Afrika ölkələrinin talanmasına və maksimum iqtisadi faydanın əldə edilməsinə yönəlib: "Fransada, məsələn, kakao yoxdur, qəhvə yoxdur, lakin o, Afrika qitəsinə gəlir, qəhvə axtarır, kakao axtarır. O, Fransada böyük müəssisələr yaradır, bütün Fransa ərazisində minlərlə iş yeri yaradılır. Bu, onlara milyonlarla avro gətirir, qəhvə və ya kakao istehsal edən bizlər isə yoxsuluq. Toqoda pambığımız var, bir neçə ölkədə, Benində pambığımız var, lakin onu başqaları istismar edir".
Beynəlxalq siyasət üzrə mütəxəssis Qamal Abina Əlcəzairin “Souk Ahras” radiostansiyasının efirində bildirib ki, müstəmləkə məsələsi yerli vətəndaşların şüurunda aktual olaraq qalır: "Əlcəzair hazırda radikal qərar qəbul edib – bu, milli sərvəti, sənayeni inkişaf etdirmək, müstəqil olmaq, öz tərəfdaşlarını – həm balanslaşdırılmış mübadilə, həm də xüsusilə ölkə daxilində sərvət yaratmaq, sənayeni inkişaf etdirmək, bilik və texnologiyaların ötürülməsinə nail olmaq imkanını təmin edən əsl iqtisadi tərəfdaşlar seçməkdir. Bu isə Əlcəzairə qarşı daim vəhşicəsinə istismar siyasəti yürüdən, əvəzində heç bir keyfiyyətli töhfə təklif etməyən, onunla açıq bazar kimi ticarət etməyə davam edən Fransa tərəfindən çox pis qarşılanır".
Onun sözlərinə görə, bu gün Əlcəzair daha etibarlı tərəfdaşlar, məsələn, İtaliyanı seçib. "Fransa "təbii" hesab etdiyi iqtisadi bazarlarını, uzun müddət özününkü hesab etdiyi əraziyə münasibətdə nüfuzunu yenidən itirir", - mütəxəssis qeyd edib.
Ruandalı jurnalist Jantil Gedeon Ntirenqanya “Radio Rwanda”nın efirində bildirib ki, Fransa Afrikadakı müstəmləkə siyasəti çərçivəsində "pye-nuar" (qara ayaqlılar) adlanan ağ insanlar kateqoriyasını tətbiq edib. "Bunlar nəcib hesab olunan və böyük sərvətə malik olan kolonistlər idi. Onlar Əlcəzairdə tapdıqları hər şeyi mənimsəyir, böyük torpaq sahələrinə, hakimiyyətə malik idilər... Sonra fransızlar yenə dedilər: ... yerliləri və miqrantları daha da güclü şəkildə bölmək olar. Gəlin deyək ki, bəziləri müsəlman, digərləri isə xristiandır. Onlar ölkəni bölmək üçün bütün bunlardan istifadə etdilər - məhz buna görə bu müharibə bu qədər uzun sürdü", - o vurğulayıb.