​İsrail və Fələstin səfirləri Qüdsdə gərginliyin artması ilə bağlı məsələni şərh edib

​İsrail və Fələstin səfirləri Qüdsdə gərginliyin artması ilə bağlı məsələni şərh edib Tərəflər dərhal birbaşa sülh danışıqlarını bərpa etməyə hazırdır
Digər ölkələr
15 Oktyabr , 2015 12:28
​İsrail və Fələstin səfirləri Qüdsdə gərginliyin artması ilə bağlı məsələni şərh edib

Bakı. 15 oktyabr.REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav və Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim Qüdsdə gərginliyin artmasına münasibət bildirib.

İsrailin Azərbaycandakı səfiri Dan Stav "Report"a bildirib ki, bu yaxınlarda müşahidə olunan gərginliyin artması yəhudiləri öldürməyə çağıran fələstinli radikal və terrorçu elementlərin bilavasitə təhriki ilə baş verib".

"Mahmud Abbas da daxil olmaqla, Fələstin hökuməti İsrailə qarşı saxta tələblər irəli sürərək təhrikedici ritorikadan istifadə edir. Radikallar Məbəd dağına silah gətirir, bununla da müqəddəs yerlərə təhlükə yaradırlar", - səfir bildirib.

D.Stav qeyd edib ki, İsrail Qüdsdə stabilliyi bərpa və bütün dinlərin nümayəndələri üçün əqidə azadlığını təmin etmək üçün bütün qüvvəsini sərf edir.

Onun sözlərinə görə, son il ərzində 4 mln. müsəlman Məbəd dağını ziyarət edib: "İsrail Məbəd dağında status-kvonun qorunub saxlanılmasında israrlıdır. İsrail iki xalq üçün iki dövlət prinsipinə əməl edir və dərhal fələstinlilərlə birbaşa sülh danışıqlarını bərpa etməyə hazırdır".

Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim öz növbəsində bildirib ki, Fələstin hökuməti gərginliyi azaltmağa, zorakılıq hallarının artmamasına və açıq müharibənin olmamasına səy göstərir. O, İsrail hökumətini Fələstin torpaqlarında məskunlaşan və hər gün fələstinlilərə qarşı terror aktları həyata keçirən israillilərə dəstək verməkdə günahlandırıb: "Bu gün Fələstində baş verənlər İsrailin Fələstin dövlətini işğal etməsindən sonra davam edən faciənin davamı və ümidsizlik hissinin nəticəsidir. Bütün bunlar İsrail hökumətinin bəzi ifrat sağçı irqçi nazirlərin Məscidül Əqsaya gəlməsi ilə daha da dərinləşir. Halbuki, İsrail bu məkanın müsəlmanlar üçün nə dərəcədə vacib olduğunu yaxşı bilir".

Fələstin səfiri məsələnin həlli yolu kimi 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Qüds Şərif olmaqla, İsrail dövləti ilə qonşu kimi sülh və əməkdaşlıq şəraitində yaşayacaq Fələstin dövləti yaradılaraq işğala son qoymaqda görür: "Buna nail olmaq üçün beynəlxalq ictimaiyyətdən və İsraili himayə edən və özlərini beynəlxalq hüququn və insan haqlarının qarantı kimi təqdim edən böyük dövlətlərdən beynəlxalq qanunvericiliyi tətbiq etməklə İsraili bu əməllərindən əl çəkməyə məcbur etmələri tələb olunur. Qəribədir ki, bu dövlətlər özlərini insan haqlarının və beynəlxalq qanunun himayəçisi kimi təqdim edir və durmadan dünyada buna çağırırlar, lakin məsələ İsrailə çatanda buna lazımi diqqət ayırmırlar, bu isə onların nüfuzuna və etibarlılığına zərbə vurur".

N.Ə.Kərim qeyd edib ki, Fələstin Dövlətinin yaradılması çoxlu sayda terrorçu və ekstremist qüvvələrin fəaliyyətinə son qoyacaq, həmçinin sabitlik və beynəlxalq sülhün bərqərar olmasına öz töhfəsini verəcək.

O, həmçinin İsrailin Fələstinlə sülh danışıqlarına hazır olmaları ilə bağlı məsələyə də toxunaraq, onu şərh edib: "Siz burada hazırki hökumətin xaricindəki bəzi sülh qüvvələrini və israil müxalifətini nəzərdə tutursunuz. Təbiidir ki, biz bunu alqışlayırıq. Biz tarixən aydın zaman çərçivəsində birmənalı qanuni istinadlara söykənən danışıqlara çağırış etməyi dayandırmamışıq. Danışıqlar xətrinə nəticə əldə etmədən danışıqlara girməyək demişik ki, bu cür hal keçən iyirmi il ərzində baş vermişdir. Bir şeyi qeyd etmək lazımdır ki, biz hazırki irqçi ifrat sağçı israil hökumətinin fonunda hesab etmirik ki, bu hökumətlə razılığın əldə edilməsi mümkün olsun. O hökumət ki, xüsusilə onu şəxsiyyəti ən çox “mötədil” olan Netanyahu təmsil edir. O hər kəsin qarşısında açıq şəkildə söyləmişdir ki, hökumətə rəhbərlik etdiyi müddət ərzində Fələstin Dövlətinin yaradılmasına mane olacaqdır. O irqçi təbiri ilə fələstin əsilli israil vətəndaşlarını “sürü” adlandırmışdır".

Qeyd edək ki, fələstinli gənclərlə İsrail polis arasında Qüdsdəki Haram əl-Şərifdə (Məbəd dağı) baş verən qarşıdurmalar keçən aydan davam edir. İsrail hakimiyyət orqanları Əl-Əqsa məscidinə girişi məhdudlaşdırıb və İsrail polisi oraya yalnız 50 yaşdan yuxarı kişiləri buraxır. KİV-lərin məlumatına görə, bu müddət ərzində ərəb-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində 39 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi