Bakı. 15 yanvar. REPORT.AZ/ Özbəkistanın hazırkı prezidenti İslam Kərimov martın 29-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"76 yaşlı İ.Kərimovun namizədliyi təsdiq olunub və ötən gün keçirilən partiya qurultayında irəli sürülüb", - Özbəkistan Liberal-Demokrat partiyasının bugünkü məlumatında deyilir.
Özbəkistanın hazırkı prezidenti növbəti 5 il müddətinə prezident seçkilərində ilk irəli sürülən namizəd olub. Qanunvericiliyə əsasən, səsvermədə məhkəmə tərəfindən hüquq səlahiyyətləri tanınmayan və habelə, həbsdə olan şəxslər istisna olmaqla, 18 yaşına çatan Özbəkistan vətəndaşları iştirak edə bilər.