"Report" BBC-yə istinadən xəbər verir ki, videoda başı bədənindən ayrıldığı vəziyyətdə göstərilən şəxsin amerikalı girov Abdul-Rahman Kassig olduğu iddia edilir.
Keçmiş əsgər Kassig ABŞ ordusu tərkibində İraqda 2007-ci ilin aprelindən iyul ayına qədər qulluq edib, lakin səhhətinə görə ordudan tərxis olunub.
2012-ci ildə o, Livana sərhədyanı hospitalda feldşer kimi çalışmağa yollanaraq orada fələstinli, sonra isə suriyalı qaçqınlara qayğı göstərib.
Elə həmin ildə Kassig qeyri-hökümət xeyriyyə təşkilatı təsis edərək fəaliyyətini davam etdirib.
Onun təşkilatı evlərini tərk etməyə məcbur olmuş suriyalılara ilkin yardım göstərməklə qaçqın düşərgələrinə dava-dərman və ərzaq çatdırmaqla məşğul olub.
Ötən ilin oktyabr ayında o, Suriyanın şərqində girov götürülmüşdü.
Girovluqda olarkən Kassig islamı qəbul edib və Piter adını Abdul-Rahman adına dəyişib.
İD yaraqlıları Kassigi öldürəcəkləri barədə xəbərdarlığı ötən ay britaniyalı girov Alan Heningin edamını əks etdirən video vasitəsilə yayımışdılar.
İddia olunduğuna görə Kassiğin edamını əks etdirən sonuncu video İD yaraqlılarının tərəfindən girov öldürülməsini əks etdirən sayca 5-ci videodur.