Yəmənin üsyançı “Ansar Allah” (Husi) hərəkatının silahlıları noyabrın 19-dan bu günədək Qırmızı dənizdə 26 hücum həyata keçirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Yanvarın 9-da husilər Yəmənin nəzarətindəki ərazidən Qırmızı dənizin cənubunda beynəlxalq dəniz zolaqlarına doğru PUA, gəmi əleyhinə qanadlı raketlər və gəmi əleyhinə ballistik raketlərdən istifadə edərək onlarla kompleks hücuma keçiblər”, - açıqlamada deyilir.
“Bu, husilərin 19 noyabrdan bəri Qırmızı dənizdəki ticarət yollarına 26-cı hücumudur”, - komandanlıq aydınlaşdırıb. Tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur.
ABŞ Komandanlığının məlumatına görə, “18 İHA, 2 gəmi əleyhinə qanadlı raket və 1 gəmi əleyhinə ballistik raket” vurulub. CNN-in çərşənbə axşamı verdiyi məlumata görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə husilərin Yəməndən atdığı 24 raket və pilotsuz uçan aparatı vurub.