Son günlərdə Hindistanın müxtəlif bölgələrində bir neçə min quş ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, kütləvi ölüm hallarına quş qripinin yayılması səbəb olub.
Bu xəstəliyin virusu artıq azı dörd şatatda – Himaçal Pradeş, Madhya Pradeş, Kerala və Racasthanda təsdiqlənib. Bir sıra digər ştatlarda isə quşların ölüm səbəbləri müəyyənləşdirilir.
Hindistanın şimalındakı Himaçal Pradeş ştatının hökuməti çərşənbə axşamı Kanqra əyalətindəki Pona Dam gölü ətrafında əsasən dağ qazları olan 1 700 quşun ölməsindən sonra quş qripinin “baş qaldırdığını” təsdiqləyib. Artıq insanların və mal-qaranın növbəti xəbərdarlığa qədər gölə 1 km-dən az məsafədə yaxınlaşması, ev quşları da daxil olmaqla, quşların və bu göldə tutulan balıqların satışı qadağan edilib.
Mərkəzi hökumət quş qripinin ölkədə yayılması fonunda milli parklara və vəhşi təbiət qoruqlarına təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təlimat verib.