Yuxarı

Gürcüstan ictimaiyyəti 9 Aprel faciəsi qurbanlarının xatirəsini anıb

Tədbirdə Gürcüstan prezidenti, baş nazir və digər rəsmi şəxslər iştirak edib

Tbilisi. 9 aprel. REPORT.AZ/ Bu gün Gürcüstan ictimaiyyəti 1989-cu il 9 aprel faciəsi qurbanlarının xatirəsini anıb. "Report"un məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyi də abidə önünə əklil qoyub.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun əməkdaşları Tbilisidə parlamentin binası önündə, 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyi, bu ölkənin Azərbaycanlı Ağsaqqallar Şurasının və şəhərin azərbaycanlı icmasının üzvləri də abidə önünə əklil, gül dəstələri düzüblər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-na keçən gecə sovet ordusu Tbilisidə müstəqillik uğrunda mübarizəyə qalxan xalqın azadlıq arzusunu boğmağa cəhd göstərib. Mitinqin silah gücünə dağıdılması nəticəsində 16 nəfər ölüb. Qarşıdurma zamanı yaralananlardan 3-ü sonradan xəstəxanada dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi