Bakı. 3 dekabr. REPORT.AZ/ İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək. "Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, belə bir qərar İsraildə koalisiya hökumətinin dağılmasından sonra alınıb. Qərara əsasən, gələn il martın 17-də İsraildə erkən parlament seçkiləri keçiriləcək.
Digər tərəfdən, İsrail parlamentinin (Knesset) buraxılması ilə bağlı səsvermənin keçirilməsi də gözlənilir. Bundan başqa, İsrail parlamentinin gələn həftə mövzu ilə bağlı daha üç iclas keçirməsi lazımdır. Qərar tam təsdiqini tapdıqdan sonra ölkə parlamentində seçkiyə qədər tətil elan ediləcək.
Qeyd edək ki, İsrailin iki illik koalisiya hökumətində Yeş Atid Partiyası lideri, maliyyə naziri Yair Lapid 19 millət vəkili, Hattuna Partiyası lideri, ədliyyə naziri Tzipi Livni isə 6 millət vəkili ilə təmsil olunur. Ötən gün onların hər ikisinin istefaya göndərilməsi ilə koalisiya hökuməti dağılıb.