Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen və partiyanın bəzi üzvlərinə qarşı məhkəmə prosesi başlayır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, siyasətçinin atası Jan-Mari Le Pen və daha 23 partiya üzvü Paris islah məhkəməsində mühakimə olunacaq.
Onlar 2004-2016-cı illərdə Avropa İttifaqının dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunurlar.
İddia olunur ki, “Milli Birlik” partiyasının üzvləri pulları əslində yalnız partiyaya işləyən deputat köməkçilərinin işinə sərf ediblər.
Marin Le Pen, digər məsələlərlə yanaşı, Avropa Parlamenti üçün mərkəzləşdirilmiş pulların yuyulması sistemi yaratmaqda ittiham olunur. Ümumi zərərin 6,8 milyon avro olduğu təxmin edilir.
Siyasətçinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs, 1 milyon avro cərimə və 5-10 il dövlət vəzifəsinə seçilə bilməmək cəzası gözləyir. Belə olan halda o, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək.