Fransa həbsxanalarındakı məhbusların sayı rekord həddə çatıb və 77 min nəfəri keçib.
“Report” xəbər verir ki, bu barədə "Agence France-Presse" ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadən bildirib.
Qeyd edilib ki, aprelin 1-də 77 450 nəfər həbsdə olub. Həmin rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 370 nəfər çoxdur. Bu da Fransa tarixindəki ən çox məhbus sayı hesab edilir.
“Bəzi həbsxanalar 200 % doludur. Bu isə yerdə yatmağa məcbur olanların sayının kəskin artması deməkdir”, - məlumatda bildirilir.
Bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Fransa həbsxanalarındakı vəziyyəti pisləyib. AİHM keçən il iyul ayında Fransada pis şəraiti yaxşılaşdırmaq üçün məqsədyönlü işin olmaması ilə yanaşı, həddən artıq dolmuş həbsxanalarla bağlı “xroniki” problem olduğunu bildirib.