Fransa hökuməti terror təhlükəsinə qarşı tədbirlər çərçivəsində sərhədlərinin mühafizəsini ikiqat artırır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Emanuel Makron İspaniya sərhədindəki Pertus buraxılış məntəqəsinə səfəri zamanı bildirib ki, son vaxtlar ölkədəki terror hücumlarından sonra sərhədləri qoruyan polis, jandarma və hərbçilərin sayını 2 400-dən 4 800 nəfərə çatdıracaqlar.
“Mən həmçinin Şengendə daha çox nəzarət tətbiqi istiqamətində təftiş aparmağa çağırış etmək istəyirəm”, - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, oktyabr ayının 16-da Paris yaxınlığında tarix müəllimi Samuel Pati dərsdə Məhəmməd peyğəmbərin karikaturlarını şagirdlərə göstərdiyi üçün bir çeçen gənc tərəfindən məktəb yaxınlığında qətlə yetirilmişdi. Oktyabrın 29-da Nis şəhərinin baş kilsəsində tunisli gəncin üç nəfəri qətlə yetirməsindən sonra isə ölkədə ən yüksək terror təhlükəsi elan edilib.