Fransa hakimiyyəti qeyri-qanuni mühacir axınının artması riski fonunda İtaliya ilə sərhəddə miqrantlar üçün 100 nəfərlik müvəqqəti saxlama mərkəzi yaradacaq.
“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Artıq Fransa Daxili İşlər Nazirliyi ilə Alp departamentinin orqanları arasında razılıq əldə olunub. Departamentin prefekturası aydınlaşdırıb ki, söhbət Mantonda miqrasiya düşərgəsi yaratmaqdan getmir.
Belə ki, polis idarəsinin qeyri-qanuni mühacirlər üçün nəzərdə tutulan saxlama mərkəzi müvəqqəti olaraq genişləndiriləcək və miqrantlar İtaliya hakimiyyət orqanlarına təhvil verilənə qədər orada saxlanılacaq.
Hakimiyyət orqanları son vaxtlar İtaliya ilə sərhədə yaxın 20 kilometrlik zonada qeyri-qanuni miqrantların getdikcə daha çox tutulduğunu bildiriblər. Təkcə sentyabrın 8-dən 14-dək Fransa ərazisində 1,5 minə yaxın insan saxlanılıb.
İtaliyaya deportasiya proseduru müəyyən vaxt apardığından, yerli hüquq-mühafizə orqanlarının qeyri-qanuni mühacirləri yerləşdirmək üçün yerləri tükənir, buna görə də əlavə binaların yaradılması barədə qərar qəbul edilib.