Yuxarı

​Fələstinin Azərbaycandakı səfiri nazirin öldürülməsi hadisəsini şərh edib

Beynəlxalq ictimaiyyət ikili standartları dayandırmalı və Fələstin dövlətini tanımalıdılar

Bakı. 11 dekabr. REPORT.AZ/ Fələstin dövlətinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim dünən Qərb Sahilində keçirilən aksiya zamanı fələstinli nazir Ziyad Abu Aynın İsrail ordusu əsgəri tərəfindən öldürülməsi hadisəsini şərh edib.

Səfir Nəsir Əbdül Kərim "Report"a bildirib ki, dünən baş verən hadisə İsrail işğalının qeyri-insanlığının və İsrail hökumətinin radikallığının yeni bir göstəricisidir.

"Bu hökumət beynəlxalq qanunvericilik prinsipləri və ədalətə söykənən sülh perspektivlərinə zərbə vurmağa gətirib çıxaran bütün vasitələrdən maksimum istifadə edir. Nazir Ziyad Abu Ayn Rəmallahın şimalındakı müsadirə edilmiş və qeyri-qanuni məskunlaşdırılmış ərazidə "Turmusayya" qəsəbəsində zeytun ağaclarının əkilməsi üçün dinc aksiyada iştirak edirdi. Belə ki, işğalçı qüvvələr ona gözyaşardıcı qazlar atmaqla vəhşiliklə qarın nahiyəsinin aşağı hissəsinə xəsarət yetiriblər", - deyə səfir bildirib.

N.Ə.Kərim həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyətdə təmsil olunan güclər öz sözlərini deməli, ikili standartları dayandırmalı, Fələstin dövlətini tanımalı və İsrail baş naziri Benyamin Netanyahu hökumətinə zalım işğal əvəzinə ədalətli sülhü seçməyə məcbur etmək üçün sanksiyalar tətbiq etməlidirlər: "Z.A.Aynın son sözləri bu olub - İsrail ordusu işğalçı ordudur və bu terrorçu ordu xalqımıza qarşı repressiya həyata keçirir. Bizim torpağımızda bizə qarşı terror həyata keçirir və onlar bizə təcavüz edirlər. Bu terrorçu ordu xalqımıza qarşı repressiya həyata keçirir.

Səfir bildirib ki, 4-cü Cenevrə müqaviləsini təşkil edən dövlətlər Fələstin xalqını müdafiə etmək üçün bu müqavilənin Fələstin dövləti ərazisində tətbiqinə çalışmalı, İsraili mühakimə etməyə zəmanət verməli və gördükləri işlərin nəticələrindən qaçmamalıdırlar.

Qeyd edək ki, dekabrın 10-u Fələstinin Qərb Sahili ərazisində keçirilən dinc aksiya zamanı İsrail ordusunun əsgəri Fələstinin məhbuslar və məskunlaşma məsələləri üzrə naziri Ziyad Abu Ayna zərbə endirib və nazir aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırıldığı zaman vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi