Bakı. 27 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) müdafiə siyasətinin həyata keçirilməsi üzrə fəaliyyət planı noyabr ayında hazır olacaq. Bu isə Aİ-yə daxil olan dövlətlərin liderlərinin dekabr ayında keçiriləcək sammitində onu təsdiq etməsinə imkan verəcək".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Aİ-nin müdafiə qurumlarının rəhbərlərinin Bratislavada keçiriləcək qeyri-rəsmi görüşü ilə bağlı deyib.
"Söhbət Avropa ordusunun yaradılmasından yox, Aİ-nin hazırda davam edən 17 missiyasının, o cümlədən Aralıq dənizində miqrasiyaya nəzarət üzrə "Sofiya" xüsusi əməliyyatının həyata keçirilməsi üzrə praktiki əməkdaşlıq üçün tədbirlərdən gedir" - o vurğulayıb.
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon isə bildirib ki, ölkəsi Aİ ordusunun yaradılmasının qarşısını almağa çalışacaq. O, bunu Aİ ordusunun NATO-nun mövqeyini sarsıda biləcəyi ilə əsaslandırıb.