Ərəb ölkələrində terror aktları hazırlamaqda ittiham olunan “Əl-Qaidə” terror qruplaşmasının 9 silahlısı Sudanda saxlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğun Terrorla mübarizə idarəsinin nümayəndəsi Əhməd Süleyman əl-Əvad məlumat verib.
Onun sözlərinə görə, ölkənin paytaxtı Xartum şəhərində müxtəlif millətlərdən olan terrorçular həbs olunublar. “Onlar arasında Suriya pasportuna sahib olanlar, həmçinin Çad və Tunisdən gələn şəxslər də olub. Saxlanılan şəxslərdən biri Suss şəhərində xarici turistlərə hücum məqsədilə əlbir olmaqda ittiham olunur və Tunisin səlahiyyətli orqanları tərəfindən axtarışdadır”, - o deyib.
Ə.Əvad bildirib ki, silahlılardan bəziləri BMT Təhlükəsizlik Şurasının həbs olunmalı şəxslər siyahısına daxildir: “İstintaq nəticəsində məlum olub ki, onlar öz vətənlərində də terror aktlarını təşkil etməkdə və həyata keçirməkdə ittiham edilirlər. Onlardan bəziləri Fars körfəzi ölkələrində hücumlar həyata keçirmək üçün hazırlıq keçmək məqsədilə qanunsuz olaraq Sudana daxil olublar”.
"İttiham olunan şəxslərə qarşı istintaq işi 2 aydan çoxdur başlayıb və indiyədək davam edir. Sudan hakimiyyətinə də sözügedən şəxslərin ekstradisiyası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğundan sorğu daxil olub", - məlumatda qeyd olunub.