Yuxarı

Ərəb Dövlətləri Liqasının zirvə toplantısı işə başlayıb

Toplantının gündəliyinə Sabitlik fırtınası adlı əməliyyat da daxil edilib

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Misirin Şarm əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqasının 26-cı sammiti işə başlayıb.

"Report" xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, dövlət başçıları bölgədəki vəziyyəti müzakirə edəcək.

Toplantının gündəliyinə Yəməndə husi qiyamçılarının irəliləməsinin qarşısının alınması üçün başlanılan "Sabitlik fırtınası" adlı əməliyyat başda olmaqla, terrora qarşı mübarizə, Suriya, İraq və Liviyadakı vəziyyət, Fələstin-İsrail probleminin həllinə dair məsələlər daxil edilib.

Zirvə toplantısına Misir prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Qətər əmiri Şeyx Təmim bin Hamad ət-Tani, Bəhreyn kralı Hamad bin İsa əl-Xəlifə, Tunis prezidenti əl-Baci Qaid əs-Sibsi, Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas, İraq prezidenti Fuad Masum, Somali prezidenti Həsən Şeyx Mahmud, Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Sudan prezidenti Ömər əl-Bəşir, İordaniya kralı II Abdullah, Yəmən prezidenti Abdurabbu Mansur Hadi, Cibutinin dövlət naziri İsmayıl Ömər Guelleh və Mavritaniyanın dövlət naziri Məhəmməd Vələd Əbdüləziz qatılıblar.

Suriya üçün ayrılan yerin boş qalması da diqqətdən yayınmayıb.

Toplantıdan öncə Misir prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud və Yəmən prezidenti Abdurabbu Mansur Hadi arasında üçtərəfli görüş də olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi