Böyük Britaniya, Almaniya, ABŞ və Fransa İrandan nüvə materiallarının yeri barədə məlumat verməsini tələb edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının iclasında dörd ölkənin bəyanatında deyilir.
“Təhlükəsizlik təminatları ilə bağlı həll olunmamış məsələlərə gəlincə, İran BAEA tərəfindən Turkuzabad və Varamində aşkar edilmiş antropogen uran hissəciklərinin mövcudluğu məsələsini hələ də yoluna qoymayıb. Agentliyin aydın sorğusuna uyğun olaraq, İran nüvə materialının və çirklənmiş avadanlığın Turkuzabad və Varamindəki hazırkı yeri barədə texniki cəhətdən etibarlı məlumatı gecikdirmədən təqdim etməlidir”, - bəyanatda qeyd olunub.
Bəyanatda o da vurğulanıb ki, İran BAEA-nın sorğusuna cavab olaraq texniki cəhətdən etibarlı izahatlar verməyincə, Tehran bəyanatlarının doğruluğunu təsdiq edə bilməyəcək.
Bu ölkələr İrandan BAEA-nın lazım bildiyi bütün kameraların quraşdırılmasına icazə verməsini tələb edib.