Danimarka hökuməti parlament partiyalarının təmsilçilərindən ibarət Xarici İşlər Şurasını Ukraynaya 23-cü hərbi yardım paketi barədə məlumatlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukraynanın hava hücumundan müdafiə (HHM) imkanlarının və döyüş aviasiyasının gücləndirilməsinə 2,1 milyard kron (293 milyon dollar) yönəldiləcək”, - məlumatda bildirilib.
Ukrayna HHM Danimarkanın beynəlxalq tərəfdaşlarının köməyi ilə gücləndiriləcək.
Bundan başqa, yardım paketində Ukrayna “F-16” qırıcılarının istismarı üçün vəsait nəzərdə tutulub. Həmçinin Danimarka İsveçlə əməkdaşlıq çərçivəsində bir neçə CV90 piyada döyüş maşını verəcək.
2022-ci ilin fevralından Danimarkanın Ukraynaya hərbi yardımı təxminən 7,2 milyard avro, mülki yardımı isə 693 milyon avroya yaxın təşkil edib.