Cənubi Koreya və Səudiyyə Ərəbistanı “silah istehsalı sahəsində genişmiqyaslı əməkdaşlıq” üzrə danışıqların son mərhələsindədir.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya liderinin administrasiyasına istinadən məlumat yayıb.
Cənubi Koreyanın prezident administrasiyasının milli təhlükəsizlik şöbəsinin müdir müavini Kim The Hyo bildirib ki, hərbi sənayedə genişmiqyaslı əməkdaşlığa dair müzakirələr bir çox sahələrdə, o cümlədən hava hücumundan müdafiə sistemləri və atıcı silahlar üzrə son mərhələdədir.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın bu sahəsi Seul üçün böyük perspektivlərə malikdir:
“Tərəflər hərbi sənaye kompleksində birdəfəlik deyil, uzunmüddətli və sistemli qarşılıqlı fəaliyyət proqramlarını müzakirə edirlər”.