Bolqarıstanın Baş naziri Ukrayna üzrə bəyannaməni qeyd-şərtlə dəstəklədiyini açıqlayıb

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 14:19
Bolqarıstanın Baş naziri Ukrayna üzrə bəyannaməni qeyd-şərtlə dəstəklədiyini açıqlayıb

Bolqarıstan Ukrayna ilə bağlı bəyannaməni dəstəkləyib, lakin Rusiya ilə müharibənin sülh yolu ilə nizamlanmasına dair danışıqların başlamasını nəzərə alaraq, sənədin preambulasındakı ifadələrlə bağlı qeyd-şərt irəli sürüb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev Dublində Avropa İttifaqı dövlət və hökumət başçılarının qeyri-rəsmi sammiti başlamazdan əvvəl bildirib.

Hökumət başçısı jurnalistlərin suallarını cavablandırarkən izah edib ki, Sofiya ümumavropa sənədlərində diplomatik proseslərin, xüsusən də onun sözlərinə görə, hazırda yüksək diplomatik səviyyədə gedən Ukrayna üzrə danışıqların dinamikasının əks etdirilməsini zəruri hesab edir.

"Biz bu bəyannaməni yalnız preambula ilə bağlı qeyd-şərtlə dəstəklədik. Qalan hissəsini isə tam dəstəkləyirik", - Baş nazir vurğulayıb.

O, nümunə olaraq Əbu-Dabidə keçirilən danışıqların əhəmiyyəti və onların dəstəklənməsinin zəruriliyi ilə bağlı ilkin ifadəni göstərib. Həmin müddəa sonradan sənəddən çıxarılıb.

Baş nazirin sözlərinə görə, Bolqarıstan dialoq məkanını daraltmamaq və sülh yolu ilə nizamlanmanın mümkün yollarını istisna etməmək üçün bu müddəanın saxlanılmasında israr edib.

Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin 9-cu sammitində Fransanın təşəbbüsü ilə "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə" (Declaration on Key Principles of European Security) təqdim edilib. Onu Avropa Siyasi Birliyinin 47 iştirakçısından 39-u dəstəkləyib. Bolqarıstan bəyannaməyə qoşulmayan yeganə Aİ ölkəsi olub.