Yuxarı

BMT: Yaxın iki il ərzində dünya iqtisadiyyatının canlanması və Rusiyada durğunluq gözlənilir

2015-ci il üçün dünya iqtisadiyyatı vəziyyət və perspektivlər adlı hesabat dərc olunub

Bakı. 11 dekabr. REPORT.AZ/ Yaxın iki il ərzində maliyyə böhranı və Ukraynadakı vəziyyət də daxil olmaqla geosiyasi münaqişələrə baxmayaraq, dünya iqtisadiyyatının əhəmiyyətli canlanması gözlənilir. "Report" xəbər verir ki, bu barədə BMT-nin "2015-ci il üçün dünya iqtisadiyyatı vəziyyət və perspektivlər" adlı hesabatında deyilir. Onun müəllifləri Rusiyada iqtisadi durğunluq (staqnasiya) və ümumilikdə, postsovet məkanında zəif iqtisadi artım proqnozlaşdırırlar. 

BMT-nin Nyu-Yorkdakı qərargahında təqdim olunan hesabatda bildirilir ki, gələn il dünya iqtisadiyyatının artımı 3,1%, 2016-cı ildə isə - 3,3% təşkil edəcək. Bu proqnozlar cari ildəki təxminən 2,6% səviyyəsində olan iqtisadi artım göstəricilərindən xeyli yüksəkdir. 

"Bəzi iqtisadi göstəricilər pozitiv kimi qiymətləndirilir və təsdiq edir ki, dünya iqtisadiyyatı stabil inkişafına qayıdır. Lakin bir çox risklər və qeyri-müəyyənlik iqtisadiyyatın dirçəlməsinə və onun gələcək inkişafına maneə törədə bilər" - Departamentin iqtisadi və sosial məsələlər üzrə nümayəndəsi Pinfan Xun Nyu-Yorkda keçirilən brifinqdə bildirib. 

Hesabatın müəllifləri iqtisadi artımın 2015-ci ildə Rusiyada sıfır səviyyəsində  və  ümumilikdə, postsovet məkanında zəif olacağını proqnozlaşdırırlar. 

Ekspertlər ən yüksək inkişaf tempinin Şərqi Asiyada olacağını söyləyirlər - 2015-2016-cı illərdə bu göstərici 6% səviyyəsində olacaq. Onlar Cənubi Asiyada iqtisadiyyatın tədricən bərpa olunmasını proqnozlaşdırırlar. 

Yaxşı inkişaf etmiş iqtisadiyyatı olan ölkələr arasında - ABŞ-da iqtisadi artım 2014-cü ildə 2%, 2015-ci ildə - 2,8 və 2016-cı ildə - 3,1% təşkil edəcək. 
Avrozonada ekspertlər qeyri-sabit iqtisadi artımın olacağını proqnozlaşdırırlar. 

Hesabatın müəllifləri neftin qiymətinin dəyişməsi ilə bağlı həm idxalatçıları, həm də ixracatçıları müəyyən risklər haqqında xəbərdar edirlər. Ekspertlər qeyd edirlər ki, geosiyasi böhranlar, o cümlədən Ukrayna, Liviya, Suriya, İraqdakı münaqişələr sabit iqtisadi artıma mane olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi