Yuxarı

BMT TŞ Suriyada münaqişənin sülh yolu ilə nizamlanması planını yekdilliklə təsdiq edib

Sənəddə prezidet Bəşər Əsədin adı keçmir

Bakı. 19 dekabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Suriyada münaqişənin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq planı təsdiq edən qətnamə qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, sənəd baş katibi "mümkün qədər tez bir zamanda, təqribən 2016-cı ilin yanvar ayının əvvəlində" Suriya tərəflərini Cenevrə kommünikesi, həmçinin Suriya Beynəlxalq Dəstək Qrupunun (SBDQ) qərarları əsasında aparılacaq danışıqlar masasına toplamağa çağırır.

Mətndə Suriyada münaqişə tərəfləri "siyasi islahatların həyata keçirilməsi istiqamətində ilk addımları atmağa başlayacağı andan" qüvvəyə minməli olan barışığa dəstək ifadə olunur.

Qətnamə məqsədi 6 ay ərzində keçid hökuməti yaratmaq, həmçinin ən geci 18 ay sonra yeni konstitusiyaya müvafiq azad və ədalətli seçkilərin keçirilməsi olan siyasi prosesə dəstək ifadə edir.

BMT TŞ-da qeyd olunub ki, diaspor nümayəndələri də daxil olmaqla bütün suriyalıların seçkilərdə iştirakına icazə verilməlidir.

Sənəddə "gələcək aqibəti qaranlıq olan" prezident Bəşər Əsədin adı xatırlanmır. Əvəzində sənəddə qeyd olunur ki, "Suriya xalqı öz ölkələrinin müqəddəratını müəyyən edəcək".

Bundan əvvəl Nyu-Yorkda Suriya Beynəlxalq Dəstək Qrupunun görüşü keçirilib. Görüşdə 18 ölkənin XİN rəhbəri, eləcə də Sergey Lavrov (Rusiya), Con Kerri (ABŞ), həmçinin BMT-nin baş katibi Pan Gi Mun, onun Suriya üzrə xüsusi elçisi Staffan de Mistura, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri iştirak ediblər.

İclas 5 saat davam edib. Forumda, xüsusilə müxalifət və terrorçuların siyahısı razılaşdırılıb, həmçinin BMT Təhlükəsizlik Şurasının Vyana prosesinə dəstək qətnaməsi müzakirə olunub.

Görüşün yekununda Rusiyanın XİN rəhbəri ölkəsinin BMT TŞ-nın Suriyada rejimin dəyişdirilməsi ideyasını dəstəkləməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi