BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına raket zərbəsi nəticəsində bir neçə sülhməramlı yaralanıb.
“Report” xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
“Bu gün günorta saatlarında Ən-Nakura şəhərindəki UNIFIL qərargahına raket zərbəsi endirilib. Bir neçə sülhməramlı yaralanıb”, – məlumatda qeyd olunub.
UNIFIL əlavə edib ki, zərbənin “Hizbullah” hərəkatı və ya onunla əlaqəli qruplaşmanın endirdiyi güman edilir.
Təşkilat bütün tərəfləri BMT-nin personal və obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl BMT sülhməramlı qüvvələrinin nümayəndələri UNIFIL qərargahı ərazisinə və Livandakı bir sıra digər obyektlərə zərbələr nəticəsində dörd sülhməramlının xəsarət aldığını bildirmişdilər. Həmçinin oktyabrın 16-da İsrail Müdafiə Qüvvələrinin tankı Livanın cənub hissəsində Kfar-Kila şəhəri yaxınlığında BMT-nin Müvəqqəti Qüvvələrinin müşahidə qülləsini atəşə tutub.