“BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença Kipr adasındakı bufer zonada cərəyan edən narahatlığa aydınlıq gətirmək üçün bölgədədir”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik BMT-nin gündəlik mətbuat konfransında deyib.
Sözçü bildirib ki, BMT rəsmisi Şimali Kipr Türk Respublikası və Cənubi Kiprin liderləri, həmçinin Kiprdəki BMT Sülhməramlı Qüvvələri (UNFICYP) ilə bir araya gəlib: “BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença Kiprdə səfərdədir. O, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə Cənubi Kiprin lideri Nikos Kristodulides ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərdə BMT rəsmisi bufer zonada cərəyan edən son hadisələrlə bağlı, eləcə də Kipr məsələsində irəliləyiş yolları barəsində müzakirələr aparıb.
M.Yença tərəflərin qarşılıqlı kompromisə gəlməsinin vacibliyinə diqqət çəkib və münaqişəli tərəfləri BMT ilə ortaq razılığa gəlməyə çağırıb. M.Yença BMT-nin bölgədəki Sülhməramlı Qüvvələri ilə də görüşüb, onlara çətin və bir o qədər də məsuliyyəti işlərinə görə təşəkkür edib”.
S.Düjarrik bildirib ki, BMT rəsmisi münaqişəli məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi üçün Ankaraya yola düşüb və o paytaxtda Türkiyə rəsmiləri ilə bir araya gələcək.