Bakı. 18 iyun. REPORT.AZ/ 2014-cü ilin sonuna olan məlumata görə, dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə - 59,5 mln. nəfərə çatıb. "REPORT" xəbər verir ki, bu barədə
Sənədə əsasən, BMT QAK bütün dünyada didərginlik baxımından təhlükəli yeni dövrün başlandığı barədə xəbərdarlıq edir. Verilən məlumatlar göstərir ki, təxminən 60 mln. insan öz yurdunu tərk etməyə məcbur olub.
BMT QAK-ın bu gün açıqladığı hesabat müharibə, münaqişə və təqiblər ucbatından köçkün düşmə hallarının indiyədək qeydə alınmış ən yüksək səviyyədə və sürətlə artmasını göstərir.
BMT QAK-ın "Qlobal tendensiyalara dair" yeni illik hesabatı yurdlarını tərk etməyə məcbur olmuş insanların sayında kəskin artım olduğunu göstərir. Bir il əvvəlki 51,2 milyon və on il əvvəlki 37,5 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 59,5 milyon insan zorla didərgin salınıb.
Əsas artım 2011-ci ilin əvvəlində Suriyada müharibə yarandığı vaxtdan başlayıb və bu müharibə dünyada köçkünlüyə rəvac verən ən böyük hərəkətverici qüvvəyə çevrilib. 2014-cü ildə hər gün orta hesabla 42 500 insan qaçqına, sığınacaq axtarana və ya məcburi köçkünə çevrilib ki, bu da cəmi dörd il ərzində dördqat artım deməkdir. İndi bütün dünyada hər 122 nəfərdən biri ya qaçqın, ya da məcburi köçkün və ya sığınacaq axtarandır. Bu rəqəmi ölkələrin əhalisi üzrə götürsək, bu, dünyada böyüklüyünə görə 24-cü ölkənin əhalisi qədər insan deməkdir.
"Biz paradiqma dəyişikliyinin şahidiyik, yəni elə bir dövrə kəskin keçidin şahidiyik ki, qlobal səviyyədə məcburi köçkünlüyün və ona tələb olunan reaksiyanın miqyası indiyədək müşahidə edilənləri açıq-aydın kölgədə qoyur", - BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib.
"Bu dəhşətli haldır ki, bir tərəfdən münaqişələri başlayanlar getdikcə daha çox cəzasız qalır, digər tərəfdən isə beynəlxalq birlik müharibələri dayandırmaq, sülhü bərqərar və mühafizə etmək üçün birgə əməkdaşlıq üçün gücsüz görünür", - komissar deyib.
Eyni zamanda, Əfqanıstan, Somali və digər yerlərdə onilliklər boyu davam edən qeyri-sabitlik və münaqişə o deməkdir ki, bu yerlərdən olan milyonlarla insan ətraf yerlərə ya köç etməkdədir, ya da orada qərarlaşıb (getdikcə bu adi hal alır) və uzunmüddətli məcburi köçkünlükdən və ya qaçqınlıqdan doğan ziyanlı qeyri-müəyyənliyin içərisindədir. Dünyadakı münaqişələrin son dövrlərdə getdikcə daha çox nəzərəçarpan nəticələri və onların doğurduğu dəhşətli iztirablar dəniz yolu, o cümlədən Aralıq dənizi, Ədən körfəzi və Qırmızı dəniz və Cənub-Şərqi Asiya vasitəsilə təhlükəli səfərə çıxmaqla təhlükəsizlik axtarışında olan qaçqınların sayında kəskin artıma səbəb olub.
BMT QAK-ın "Qlobal tendensiyalara dair" hesabatı göstərir ki, təkcə 2014-cü ildə 13,9 milyon nəfər yenicə məcburi köçkünə çevrilib. Bu da 2010-cu ildəki saydan dörd dəfə çoxdur. Bütün dünyada 19,5 milyon qaçqın var (2013-cü ildəki 16,7 milyon rəqəmində artım baş verib), 38,2 milyon nəfər öz ölkələri daxilində köçkünə çevriliblər (2013-cü ildəki 33,3 milyon rəqəmində artım baş verib), 1,8 milyon nəfər isə sığınacaq barədə müraciətlərinin nəticəsini gözləyir (2013-cü ildə bu say 1,2 milyon idi). Dünyadakı qaçqınların yarısının uşaqlar olması təşviş doğurur.
"Müharibə qurbanlarının müdafiəsi üçün maliyyə vəsaitlərində böyük çatışmazlıqların və qlobal rejimdə geniş boşluqların olduğu bir şəraitdə mərhəmətə, yardıma və sığınacağa ehtiyacı olan insanlar başlı-başına buraxılıb. Misli görünməmiş dərəcədə kütləvi köçkünlüyün olduğu əsrdə biz indiyədək görünməmiş dərəcədə humanitar reaksiyaya və münaqişə və təqiblərdən qaçan insanlar üçün tolerantlıq və müdafiə istiqamətində yenilənmiş qlobal öhdəliklərə ehtiyac duyuruq", - Antonio Quterreş bildirib.
Suriya dünyada ən çox məcburi köçkünləri (7,6 milyon nəfər) və qaçqınları (2014-cü ilin sonunda 3,88 milyon nəfər) yaradan ölkədir. Əfqanıstan (2,59 milyon) və Somali (1,1 milyon) ən çox qaçqın yaradan növbəti ölkələrdir.
Hətta qlobal səviyyədə qaçqınların sayında bu cür kəskin artım olsa belə, daha zəngin olan ölkələrdən rifah halı daha aşağı olan ölkələrə doğru getdikcə qaçqınların bölgüsündəki fərq yüksək olaraq qalmaqdadır. Hər 10 qaçqından təxminən doqquzu (86 faiz) iqtisadi cəhətdən az inkişaf etmiş sayılan region və ölkələrdədir. Bütün qaçqınların tam dörddə biri BMT-nin ən az inkişaf etmiş ölkələr siyahısında yer alan ölkələrdədir.
Avropa (51% artım)
Ukraynadakı münaqişə Aralıq dənizini rekord sayda – 219 000 nəfər qaçqının keçməsi və Türkiyədə çoxlu sayda suriyalı qaçqınların olması (2014-cü ilin sonunda 1,59 milyon suriyalı qaçqını qəbul etmiş bu ölkə həmin il dünyada ən çox qaçqın qəbul etmiş ölkə oldu) qaçqınlarla bağlı istər müsbət, istərsə də mənfi məsələlərə ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edib. Avropa İttifaqında sığınacaq üçün ən çox müraciət Almaniya və İsveçdə edilib. Bütövlükdə Avropada zorla didərgin salınanların ümumi sayı 2013-cü ilin sonunda 4,4 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 6,7 milyon nəfər olub, bunun ən böyük hissəsini Türkiyədəki suriyalılar və Rusiya Federasiyasındakı ukraynalılar təşkil edib.
Asiya (31% artım)
Uzun illər dünyada ən çox məcburi köçkünləri yaradan əsas regionlardan biri olan Asiyada qaçqınların və məcburi köçkünlərin sayı 2014-cü ildə 31 faiz artaraq 9 milyona çatıb. Əvvəllər dünyada qaçqınları yaratmaqda lider olan Əfqanıstan bu xoşagəlməz birinciliyi Suriyaya təhvil verib. 2014-cü ildə Myanmada, o cümlədən Kaçin və Cənubi Şan regionlarında davamlı məcburi köçkünlük və qaçqınlıq halları müşahidə edilib, Rakhayn ştatından olan rohinya əhalisinin didərginliyi də buraya daxildir. İran və Pakistan dünyada qaçqınlara ən çox sığınacaq vermiş dörd ölkə arasında qərarlarmış iki ölkə olaraq qalmaqdadırlar.
Amerika qitəsi (12% artım)
Amerika qitəsində də məcburi köçkünlüyün artımı müşahidə olunub. Kolumbiyalı qaçqınların sayı il ərzində 36 300 nəfər azalaraq 360 300 nəfərə düşüb, hərçənd ki, bu azalma əsasən qaçqınların sayındakı dəyişiklik barədə Venesuelanın məlumatına əsaslanıb. Buna baxmayaraq, Kolumbiya dünyada ən çox məcburi köçkün əhalisinə malik ölkələrdən biridir, məlumata görə, onların sayı 6 milyon nəfərdir və 137 000 kolumbiyalı il ərzində yenicə köçkün düşüb. Mərkəzi Amerikada yaraqlı dəstələrin zorakılıqlarından və digər formada təqiblərdən qaçan insanların sayı artıb və Birləşmiş Ştatlarda sığınacaq barədə müraciətlərdə 2013-cü ilə nisbətən 36 800 nəfərlik artım müşahidə edilib ki, bu da 44 faizlik artım təşkil edir.