Bakı. 15 oktyabr. REPORT.AZ/ "Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.
"Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləyəcəyi deməkdir", - deyə o vurğulayıb.
BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.
BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər.