Venesuela hakimiyyəti və müxalifəti son günlər Meksikanın paytaxtında baş tuta biləcək danışıqları bərpa etmək niyyətində olduqlarına işarə edirlər.
“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Los-Ancelesdə mətbuat konfransında çıxış edərkən söyləyib.
"Danışıqlara gəlincə, həm müxalifət, həm də Venesuela Prezidenti Nikolas Maduro rejimi son günlərdə Mexikoda bu dialoqu və danışıqları bərpa etmək niyyətlərinin olduğuna işarə ediblər. Bu bizdə olan ən son məlumatdır. Biz bunu səbirsizliklə gözləyirik”, - dövlət katibi qeyd edib.
Həmçinin E.Blinkendən Venesuela hakimiyyəti ilə müxalifət arasında aparılan danışıqlarla əlaqədar sanksiyaların yumşaldılmasının mümkünlüyünü şərh etməsi istənilib: “Biz aydın şəkildə bildirdik ki, sanksiyalar özlüyündə məqsəd deyil. Bu onlara qarşı tətbiq olunanları fərqli davranmağa sövq etmək cəhdidir. Uzun müddətdir dediyimiz kimi, sanksiyalar daimi deyil. Dəyişikliklər görsək, sanksiyalar ləğv oluna bilər, məqsəd onları əbədi saxlamaq deyil. Məqsəd ölkələri, hökumətləri, rejimləri düzgün davranmağa təşviq etməkdir, xüsusən də söhbət demokratiyanın bərpasından getdikdə onların məqsədi budur”.