Birləşmiş Ştatlar prezidenti Cozef Bayden Konqresin Senatının müzakirəsinə ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAİD) rəhbəri postuna ölkənin BMT yanında keçmiş daimi nümayəndəsi Samanta Pauerin namizədliyini təqdim edib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
"Samanta Pauerin namizədliyi Senata göndərilib. USAID rəhbəri vəzifəsinə irəli sürülüb", - xəbərdə deyilir. Baydenin Pauerin namizədliyini məhz bu posta irəli sürmək barədə qərarı yanvarın ortalarında elan edilib.
İndi Senatın müvafiq komitəsi dinləmələrin keçirilməsi tarixini təyin etməli, Pauer qanunvericilərin suallarına cavab verməlidir. Bir müddət sonra yuxarı palatada onun USAID başçısı vəzifəsinə namizədliyi iddiaları ilə bağlı səsvermə olacaq.