Avropa İttifaqı Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində məlumat yerləşdirilib.
Bildirilib ki, Rusiyanın Ukrayna ilə apardığı müharibəyə cavab olaraq belə bir addım atılıb.
Yeni qərarla 106 fiziki, 88 hüquqi şəxsə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
“Bu gün razılaşdırılmış yeni siyahılar, ilk növbədə, hərbi və müdafiə sektorlarını və əlaqəli şəxsləri, o cümlədən Şimali Koreyanın Rusiyaya silah tədarükündə iştirak edən şəxsləri, habelə məhkəmə orqanlarının üzvlərini, yerli siyasətçiləri və ukraynalı uşaqların qanunsuz deportasiyasına cavabdeh olan şəxsləri hədəf alır”, - bəyanatda qeyd olunub.
Vurğulanıb ki, sözügedən şəxslərin aktivləri dondurulur və Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait ayırmaq qadağan edilir: “Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ ərazilərinə daxil olmasına və ya tranzitinə mane olur”.
Aİ Şurası Rusiyanın hərbi və sənaye kompleksinə birbaşa dəstək verənlər siyahısına 27 yeni qurum əlavə edib. Bu qurumların bəziləri üçüncü ölkələrdə - Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyədə yerləşir.
Ümumilikdə, Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün 2000-dən çox fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirib.