Avropa İttifaqı mayın 10-dan koronavirusa qarşı “rəqəmli yaşıl sertifikat” adı ilə tanınan peyvəndləmə sertifikatları sisteminin ilkin sınaqlarına başlayır.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə bildirən Avropa Komissiyasındakı mənbəyə görə, sınaqlarda Aİ-nin 27 üzv ölkəsindən 19-u iştirak edəcək.
“Təsdiq işlərinin çox vaxt aparmayacağını, sənədin Aİ-də gündəlik tətbiqinə iyun ayından başlayacağını güman edirik” – deyə, mənbə qeyd edib.
Xatırladaq ki, “rəqəmli yaşıl sertifikat”da sahibinin Aİ-də sertifikat almış dərmanlarla peyvəndləmə keçməsi, son PCR testləri, koronavirusa yoluxması barədə məlumatlar əks olunacaq. Yeni sənədin koronavirusa qarşı immuniteti olanlar üçün dövlətlərarası səyahətdə qaydaları sadələşdirəcəyi güman edilir.