"Report" "Reuters"ə istinadən xəbər verir ki, sammit planlaşdırıldığı kimi dekabrın 19-da deyil, ötən gün axşam saatlarında başa çatıb.
28 ölkə və hökumət başçısının görüşü işgüzar şam yeməyi ilə yekunlaşıb. Dövlət və hökumət başçıları Ukrayna və Rusiyadakı vəziyyətləri müzakirə ediblər.
Avropa İttifaqının sədri Donald Tuskun sözlərinə görə, Aİ-nin Rusiyaya münasibətdə dəqiq strategiyası olmadan böhranın nizamlanması mümkün deyil.
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, öz növbəsində Rusiya lideri ilə münasibətlərinin yaxşı olmasından istifadə edərək prezident Vladimir Putin ilə dialoqa başlamağa hazır olduğunu bildirib.
Almaniya kansleri Angela Merkel bildirib ki, sammitdə Ukraynaya silah və hərbi yardım mövzusu qaldırılmayıb, lakin iştirakçılar Rusiyaya qarşı sanksiyalar barədə məsələdən yan keçə bilməyiblər. O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü qorunub saxlanacağı təqdirdə məhdudlaşdırıcı tədbirlər aradan qaldırıla bilər.