İtaliyanın Baş naziri Corciya Meloni Argentina Prezidenti Xavyer Mileyə İtaliya vətəndaşlığı verib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Argentina dövlət başçısı dekabrın 13-də Meloni ilə görüşmək və “İtaliya Qardaşları” partiyasının illik qurultayında iştirak etmək üçün İtaliyaya səfərə gəlib.
Məlumata görə, Mileyin İtaliya kökləri var – ata tərəfdən nənə və babası İtaliyanın cənubundakı Kalabriya əyalətindən olub və Argentinaya mühacirət ediblər. Müvafiq olaraq, o, vətəndaşlığı “jus sanguinis” – “qan hüququ” prinsipi əsasında alıb.
İtaliya vətəndaşlığı Mileyin siyasi məsləhətçisi olan kiçik bacısı Karinaya da verilib.
Nəşr qeyd edib ki, Mileydən əvvəl ikili vətəndaşlığı olan Argentina Prezidenti Maurisio Makri olub. O, italyan mühacirin oğlu idi və həmçinin bu respublikanın pasportuna sahib idi. O, 2015-2019-cu illərdə Argentinaya başçılıq edib.
Ölkənin Konstitusiyası prezidentlərin ikinci vətəndaşlığa sahib olmasını yasaqlamır.