Argentina Prezidenti barəsində istintaqa xitam verilib

Digər ölkələr
  • 02 noyabr, 2018
  • 08:42
Argentina Prezidenti barəsində istintaqa xitam verilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Argentina Prezidenti Maurisio Makri barəsində Beynəlxalq Valyuta Fondu (BVF) ilə saziş imzalanarkən səlahiyyətlərini aşmasına dair şikayətlərə əsasən başlayan istintaqa xitam verilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, sentyabr ayında Xalq Birliyi Partiyasının təmsilçisi Klaudio Losano tərəfindən təqdim edilən şikayətdəki dəlilləri “məntiqli və diqqətəlayiq” hesab edən prokuror Xorxe Felipe de Lelio məsələni icraata qəbul etsə də, hakim iş materiallarını rəfə qoyub.

Bu ilin iyununda BVF stand-by üsulu ilə Argentinaya 50 milyard ABŞ dolları məbləğində kredit vermək qərarını təsdiqləmişdi. Maliyyə vəziyyətin ağır olduğu Argentinada peso ilin əvvəlindən dollara nisbətən 45 faizdən artıq ucuzlaşıb, Mərkəzi Bank da faiz dərəcəsini indiyədək görünməmiş 60 faizədək qaldırıb.