Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılır
- 27 avqust, 2025
- 16:56
Almaniya Federal Nazirlər Kabineti Kanslerin sədrliyi altında fəaliyyət göstərəcək Milli Təhlükəsizlik Şurasının yaradılmasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin məlumatında deyilir.
Yeni qurum daxili, xarici, iqtisadi və rəqəmsal təhlükəsizlik sahəsində təcrübə və bilikləri birləşdirərək daha səmərəli koordinasiya və qərar qəbulunu təmin etməlidir.
Şuranın əsas vəzifələri siyasi qərarların təhlili və hazırlanması, strateji proqnozlaşdırma, həmçinin ölkənin dayanıqlığının gücləndirilməsi olacaq. Federal hökumətin məlumat və bilikləri qərarların hazırlanması üçün birləşdiriləcək və təhlil ediləcək, bu zaman Şura, Konstitusiya və federal qanunlara zidd olmadığı təqdirdə, yekun qərarlar qəbul etmək hüququna malik olacaq.
Şura bütün federal hökumətin layihəsi olacaq. Ona kansler rəhbərlik edəcək, müavini isə maliyyə naziri olacaq. Tərkibinə həmçinin xarici işlər, daxili işlər, müdafiə, iqtisadiyyat, ədliyyə, rəqəmsal inkişaf nazirləri və hökumətin digər əsas üzvləri daxil olacaq.