Almaniya pandemiya dövründə ilk deportasiyanı gerçəkləşdirib 

Almaniya pandemiya dövründə ilk deportasiyanı gerçəkləşdirib  Almaniya Federativ Respublikası koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib.
Digər ölkələr
20 Avqust , 2020 16:32
Almaniya pandemiya dövründə ilk deportasiyanı gerçəkləşdirib 

Almaniya Federativ Respublikası koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib.

“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, ötən gün Almaniyada sığınacaq müracitələri rədd edilən və barələrində idarə məhkəmələrinin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə Paksitana deportasiya ediliblər. 

Onların deportasiya edilməsi prosesinə Almaniya Federal Daxili İşlər Nazirliyinin tabeliyindəki polis təşkilatlarının 143 əməkdaşı, eyni zamanda Almaniya Miqrasiya və Qaçqınlara iş üzrə Federal İdarənin (BAMF) 200-ə yaxın əməkdaşı cəlb olunub. 

İki gün ərzində Bavariya, Şimali Reyn-Vestfaliya və Hessen federal əyalətlərində qaçqın yataqxanalarından Deggendorfdakı deportasiya mərkəzinə gətirilən Pakistan vətəndaşları ötən gün xüsusi təyyarə reysi ilə paytaxt İslamabada göndəriliblər. 
33 nəfərdən bəziləri dərhal İslamabaddakı istintaq təcridxanasına aparılıblar. Onlar milli miqrasiya qanunlarını pozmaqda, qaçaqmalçılara qonşu İran üzərindən qaçmaq üçün pul ödəməkdə ittiham olunurlar.

Almaniya Federal Daxili İşlər Nazirliyindən "Report"a Avropa bürosuna bildirib ki, ölkə pandemiya dövründə rəsmi olaraq deportasiya prosesləri dayandırdığını elan etməyib. Sadəcə hava yolu şirkətlərinin reysləri həyata keçirə bilməməsi səbəbindən barəsində deportasiya qərarı olan sığınacaq axtaranlar Almaniyada qalmalı olub. 

“Yaxın günlərdə Avropa İttifaqı üzvü olmayan ölkələrdən gələn və barələrində deportasiya qərarı olan 200-ə yaxın sığınacaq axtaranın ölkədən göndərilməsi gözlənilir. Artıq mart ayında koronavirus pandemiyası ilə bağlı öz vətəndaşlarını qəbul etməyə çətinlik çəkən ölkələr indi buna hazır olduqları ilə bağlı bizə rəsmi müraciət ediblər” – deyə nazirliyin məlumatında vurğulanıb.

Məlumat üçün bildirək ki, bu günə qədər Pakistanda 290 min nəfərdə koronavirus aşkar edilib. Ölkə əvvəlki yaşayışına qayıtmaqdadır və pandemiya ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. İyunun 20-dən etibarən Pakistan beynəlxalq reyslərə yenidən icazə verdiyini elan edib.

Son xəbərlər

Orphus sistemi