Avstraliyanın Sidney şəhəri sahillərində ABŞ, Yaponiya, Hindistan və Avstraliya avqustun 11-də “Malabar” hərbi dəniz təlimi keçirəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanı vitse-admiral Karl Tomas avqustun 10-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu təlim başqa bir dövlətə qarşı keçirilmir: “Bu, 4 dövlətin birgə işləməsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub”.
Qeyd edək ki, “Malabar” təlimini 1992-ci ildən ABŞ və Hindistan birgə keçirir. 2007-ci ildən onlara Avstraliya da qoşulub. Çinin etirazına görə, bir il sonra Avstraliya bu “dördlük”dən çıxmışdı. Ancaq rəsmi Pekinin yenidən etirazlarına baxmayaraq, 2020-ci ildə yenidən “Malabar”a qatılıb.
Məlumata görə, 4 ölkənin gəmilərinə Avstraliyanın “F-35” qırıcıları, ”P-8” müşahidə təyyarələri və sualtı qayıqları da qoşulacaq.