Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın və koalisiyanın Əfqanıstandakı hərbi qüvvələrinin iki ildən sonra ölkədən çıxarılması məsələsinə baxıla bilər.
"Report" "BBC"yə istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay ABŞ-ın "CBS" telekanalına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, hərbçilərin Əfqanıstan ərazisindən çıxarılması məsələsinin vacibliyi "yaddan çıxmasa" da, bunu "ehkama" çevirməyə də ehtiyac yoxdur.
"Sizin mövqeyinizdən prezident Obamanın xəbəri varmı" suala cavabında isə Ə.Əhmədzay deyib: "Prezident Obama məni yaxşı tanıyır. Hər məsələni bir-birimizə deməyimizə ehtiyac yoxdur".
ABŞ prezidenti Barak Obama isə amerikalı hərbçilərin bu ölkə ərazisindən 2016-cı ilin sonunda - yerli qüvvələr Əfqanıstanın təhlükəsizliyini təmin etdikdən sonra çıxarılacağı vədini verib.
Xatırladaq ki, 2014-cü ilin sonunda ABŞ və koalisiya qüvvələrinin əsas hissəsi Əfqanıstandan çıxarılmalı idi. Ölkədə antiterror əməliyyatlarının keçirilməsini dəstəkləmək üçün formal olaraq, əsasən amerikalılardan ibarət beynəlxalq qüvvələrə məxsus 13 min hərbçi qalıb.
13 il sürən hərbi əməliyyatlarda 50 ölkədən ibarət koalisiyada 130 mindən çox qüvvə iştirak edib.
