ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin heyət üzvləri arasında koronavirusa yoluxanların sayı artıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin saytında bildirilib.
"10 aprelə olan məlumata görə, “Theodore Roosevelt”in ekipaj üzvlərinin 92%-i COVID-19 testindən keçirilib, 447 müsbət və 3 248 mənfi nəticə qeydə alınıb. Komandanın 3 155 üzvü gəmini tərk etdi", - xəbərdə deyilir.
Daha əvvəl təyyarədaşıyan gəmidə 155 yoluxma haqqında bildirilirdi.
ABŞ-ın təyyarədaşıyan gəmisində koronavirus martın sonunda qeydə alınıb. Gəminin kapitanı Brett Kroze infeksiyanın yayılması haqqında raportunun jurnalistlərin əlinə düşməsindən sonra vəzifəsindən azad edilib.
ABŞ-ın Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Tomas Modli bu hadisəyə görə Krozeni kəskin tənqid edib. Nəticədə Modli öz sözlərinə görə üzr istəyib və çərşənbə axşamı vəzifəsini tərk edib.