Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.
İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salıblar. Sürücü artıq bu gündən vətəndədir.
Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyə olunub. Bu 2 sürücü ilə yanaşı, digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.