İstanbul. 20 fevral. REPORT.AZ/ Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə Türkiyədə Xocalı həftəsi keçirilir. "Report"un Türkiyə bürosu xəbər verir ki, proqram çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində Xocalı parkları və abidələrinin açılışı olacaq, faciənin qurbanları yad ediləcək.
Xocalı həftəsinin ilk tədbiri Türkiyənin “Onurğa ilik ifliclilər dərnəyi”ndə keçirilib. Tədbirdə dərnəyin üzvləri, konsulluğun əməkdaşları, türk mediasının jurnalistləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyədə “Onurğa ilik ifliclilər dərnəyi”nin rəhbəri Ramazan Baş çıxışında fəciənin yaşadığı gün haqqında yazılmış çoxsaylı kitablar oxuduğunu və həmin gecə yaşananların insanlığa sığmadığını deyib: “Hadisənin şahidlərinin Xocalıda gördüklərini oxuduğum zaman dəhşətə gəldim. Dunya bu faciəni törədənləri cəzalandırmalıdır. Orada vəhşicəsinə öldürülən günahsız insanların qanı yerdə qalmamalıdır”.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki Baş konsulu Məsim Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı əhalisinin, körpələrin, yaşlıların ağıla sığmayacaq qədər qəddarlıqla öldürüldüyündən və bu cinayətə kifayət qədər hüquqi qiymətin verilmədiyindən danışıb. Baş konsul bu bəşəri cinayətin Türkiyədə tanınması üçün səy göstərdiyini bildirib: “Prezident İlham Əliyev bütün beynəlxaq tədbirlərdə Xocalı faciəsini, ermənilərin günahsız xalqımıza tutduğu divanı xatırladır. Biz isə bu ənənəni səylə davam etdiririk. Milliyyətindən asılı olmayaraq, özünü türk hesab edən hər bir şəxs Xocalıda yaşananlardan xəbərdar olmalıdır. Türk qardaşlarımız qarlı, soyuqlu gecədə günahsız insanlara tutulan divanı dünyaya çatdırmamız üçün bizimlə bir olmalıdır”.
Tədbirə qatılan ziyalıların Xocalı faciəsindən bəhs edən məruzələri dinlənilib. Tədbirin sonunda Xocalı faciəsinin qurbanlarının görüntülərinin yer aldığı “Xocalı” sənədli filmi nümayiş olunub. Dərnək üzvləri filmi göz yaşları ilə izləyiblər. Xocalı faciəsindən yazılmış və konsulluğun təşəbbüsü ilə türk dilinə çevrilmiş kitablar tədbir iştirakçılarına paylanılıb.
Bununla yanaşı, dərnəkdə Yeditəpə Universitetinin azərbaycanlı professoru, rəssam Rafiq Əzizovun təşəbbüsü ilə “Xocalı soyqırımı uşaqların rəsmlərində” adlanan rəsm sərgisinin açılış mərasimi olub. 90 rəsmin sərgiyə çıxarıldığı salondakı rəsm əsərləri 60 uşağın əl işidir. Rəsmlərin 52-sini 1992-ci ildə Xocalı soyqırımını öz gözləri ilə görən uşaqlar çəkib. Sərginin növbəti nümayiş olunduğu yer İstanbulun dəniz muzeyi olacaq. Sərgi fevralın 20-dək davam edəcək.