Tallində Dövlət Bayrağı Günü və Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçiriləcək

Tallində Dövlət Bayrağı Günü və Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçiriləcək “Noyabrın 5-də Estoniyanın Azərbaycanlı İcması Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Tallində Dövlət Bayrağı Günü və Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçirəcək”.
Diaspor
4 Noyabr , 2022 20:16
Tallində Dövlət Bayrağı Günü və Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçiriləcək

“Noyabrın 5-də Estoniyanın Azərbaycanlı İcması Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Tallində Dövlət Bayrağı Günü və Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçirəcək”.

Bunu “Report”a müsahibəsində Estoniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev deyib.

Tədbirlər Estoniyadakı Azərbaycan Evində keçiriləcək.

“Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Diaspora Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayevin Estoniyada keçirilən tədbirlərdə iştirakından çox məmnunuq”, - o bildirib.

Tallində planlaşdırılan tədbirlər çərçivəsində həmçinin rəsmi görüşlər, o cümlədən Azərbaycan və Estoniyanın müstəqilliyinin yüz illiyi münasibətilə açılan və Bakının Suraxanı rayonu ilə Tallinnin Kristiyne rayonu arasında dostluğun rəmzi olan Dostluq parkında Azərbaycan nümayəndələrinin Tallin şəhərinin rəhbərləri ilə görüşü keçiriləcək.

Azərbaycanlı qonaqların Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.
Bundan sonra Estoniya Respublikası hökumətində dövlət idarəçiliyi naziri Riyna Solman ilə görüş keçiriləcək. Bu görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, eləcə də Estoniyadakı Azərbaycan icmasının fəaliyyəti müzakirə olunacaq.

Həmçinin Qələbə Günü və Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş konsert olacaq, konsertdə Estoniya Konservatoriyasında təhsil alan azərbaycanlı tələbələr və eston musiqiçiləri iştirak edəcək. Noyabrın 5-də eyni zamanda Estoniyanın səsyazma studiyasında yazılmış diskin təqdimatı olacaq. Bu diskdə gənc azərbaycanlı musiqiçilər az qala unudulmuş Azərbaycan musiqi əsərlərini müasir aranjimanda ifa edəcəklər.

N.Hacıyevin sözlərinə görə, Azərbaycan icması Estoniya həyatının bütün sahələrində təmsil olunur və ölkənin ən fəal milli icmalarından biridir. “Hazırda Estoniyada üç yüzdən çox azərbaycanlı tələbə təhsil alır ki, bu da ölkənin texnoloji sahədə intellektual səviyyəsini təmsil edir”, - o söyləyib.

Estoniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri bildirib ki, icmada akademik Zərifə Əliyeva adına uşaq bağçası, uşaqların ana dilini öyrənə biləcəyi və bazar günü fəaliyyət göstərən məktəb, habelə dövlət radiosunda yayımlanan “Ocaq” verilişi var.

Son xəbərlər

Orphus sistemi