Səfər Sadiqi: "Danimarkadakı türkdilli icmalar həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olur" - FOTO - MÜSAHİBƏ

Səfər Sadiqi: "Danimarkadakı türkdilli icmalar həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olur" - FOTO - MÜSAHİBƏ "Vətən" Cəmiyyətinin sədri: "Danimarkda 20 Yanvar hadisələrinin anım günü üçün tədbirlər planı hazırlanıb"
Diaspor
15 Yanvar , 2016 16:40
Səfər Sadiqi: Danimarkadakı türkdilli icmalar həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olur - FOTO - MÜSAHİBƏ

Bakı. 15 yanvar. REPORT.AZ/ Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqinin "Report"a müsahibəsi

- "Vətən" Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir və yaradılmasında əsas məqsəd nədən ibarətdir?

- "Vətən" Cəmiyyəti 2007-ci ilin fevralında Hillerod şəhər bələdiyyəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini tanıtmaq, ermənilərin torpaqlarımızın 20 faizini işğal etdiyini, 1 milyon insanın öz ata-baba yurdlarından qovulduğunu, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini yerinə yetirmədiyini danimarkalılara və başqa millətlərə çatdırmaq, onları məlumatlandırmaqdır. "Vətən" Cəmiyyəti heç bir siyasi bloka qoşulmur. Siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı bizim üçün əzizdir.

- Cəmiyyətin Danimarkanın dövlət və ictimai dairələri ilə əməkdaşlığı hansı səviyyədədir?

- Cəmiyyətimiz Danimarka dövlətinin rəsmi tədbirlərinə dəvət olunur. Biz tədbirlərdə iştirak edirik və üzvlərimiz çıxışlarında Azərbaycan həqiqətləri barədə məlumat verirlər. Cəmiyyətin sədri olaraq Danimarka parlamentinin üzvləri ilə tez-tez görüşlərim olur. Görüşlərin nəticəsi olaraq azərbaycanlıları narahat edən məsələlərin parlamentin müzakirəsinə çıxarılmasına, müəyyən qərarların qəbul olunmasına da nail olmuşuq. 

Bundan başqa, Danimarka təhsil və gənclər naziri Kristina Antonori ilə tez-tez görüşlərimiz olur. Danimarkada yaşayan azərbaycanlı gənclər və onların problemləri barədə müzakirələr aparırıq. Danimarkada yaşayan gənclərimizin elmə, təhsilə, incəsənətə böyük marağı var və çalışırıq ki, onların həmin sahələr üzrə təhsil almalarını təmin edək. Danimarka parlamentində türk əsilli millət vəkilləri də təmsil olunur. İşimizi elə qurmuşuq ki, mütəmadi olaraq Danimarka parlamentinin üzvləri ilə görüşürük. Azərbaycan xalqının ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Danimarka və dünya ictimaiyyətinə çatırılmasında türk əsilli millət vəkilləri bizə çox böyük dəstək olurlar.

- Danimarkanın ictimai-siyasi həyatında fəal iştirak edən üzvləriniz varmı?

- Ən əsas məsələ də elə budur. Əgər biz yaşadığımız ölkədə tarixi vətənimizi - Azərbaycanı yüksək səviyyədə təmsil etmək istəyiriksə, həmin ölkədə siyasi partiyalara üzv olmalıyıq. Mən və qızım Mehriban Səfərqızı Danimarka Sosial Demokratlar Partiyasının üzvüyük. Siyasi partiyalara üzv olmaq bizə nə üçün lazımdır? Məsələn, hər hansı bir hadisəyə və Azərbaycan xalqına qarşı olan qərara etiraz edəndə cəmiyyət olaraq 70-100 nəfərlə aksiya təşkil edirik. Siyasi partiyaya üzv olanda isə məsələ partiya səviyyəsində müzakirəyə çıxarılır və daha çox siyasiləşir. Bu məsələdə Danimarka Sosial Demokratlar Partiyası bizi dəstəkləyir. 

- Qarşıdan 20 Yanvar faciəsinin, Xocalı və 31 Mart soyqırımlarının növbəti ildönümləri gəlir. "Vətən" Cəmiyyəti hansısa tədbir keçirəcəkmi? 

- Qanlı 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı artıq tədbirlər planı hazırlanıb. Danimarkanın paytaxtı Kopenhagen şəhərinin müxtəlif ərazilərində tədbirlər keçirməyi planlaşdırmışıq. Tədbir keçirmək üçün şəhər bələdiyyəsindən icazə almışıq. Həmçinin tədbirlərə Danimarkanın rəsmi dövlət qurumlarının, QHT-lərinin, ictimaiyyyətinin nümayəndələrini də dəvət etmişik. Tədbirlərdə 20 Yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirəcəyik. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin "Vətən" Cəmiyyətinə verdiyi bayraqlar, müxtəlif məlumatların əks olunduğu broşürlər, kitablar tədbir iştirakçılarına paylanacaq. Bundan əlavə, Xocalı soyqırımının ildönümünün qeyd olunmasına hazırlıq işləri görürük. Xocalı və 31 Mart soyqırımından bəhs edən tədbirlərin keçirilməsinə hazırlıq işləri aparılır. Soyqırımların növbəti ildönümündə aksiyalar, yürüşlər təşkil etməyi planlaşdırmışıq. Bunun üçün rəsmi müraciət də ünvanlamışıq.

- Danimarkada fəaliyyət göstərən tükdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələriniz varmı?

- Danimarkada 36 ildir fəaliyyət göstərən Türkiyə Cəmiyyəti, eləcə də digər türkdilli ölkələrin cəmiyyətləri ilə sıx əlaqələr qurmuşuq. Türkdilli dövlətlərin bayram və matəm günlərini birlikdə qeyd edirik. Həmçinin bu dövlətlərin Kopenhagendəki cəmiyyətləri də Azərbaycanın bayram və matəm günlərinə həsr olunan tədbirlərdə fəal iştirak edirlər. Biz türkdilli dövlətlərin diaspot təşkilatları ilə birgə Türk Cəmiyyəti yaratmışıq. Bundan başqa, Xocalı soyqırımına, 20 Yanvar hadisələrinə, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, eləcə də bayram günlərinə həsr olunan tədbirlərdə bütün türkdilli dövlətlərin cəmiyyətləri iştirak edirlər. Danimarkanın rəsmi dövlət tədbirlərinə də dəvət alırıq, iştirak edirik. Biz həm sevincli, həm də kədərli günlərimizdə bir-birimizin yanındayıq. 

- Danimarkada Azərbaycan səfirliyi fəaliyyət göstərmir. Bəs azərbaycanlıların toplaşdığı hər hansı bir mərkəz varmı?

- Danimarkada Azərbaycan səfirliyi olmasa da, Kopenhagendə yerləşən "Azərbaycan Evi" bu ölkədə yaşayan azərbaycanlıların toplaşdığı mərkəz rolunu oynayır. Beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artması bizə imkan verir ki, Danimarkada fəaliyyətimizi genişləndirək. Azərbaycan dövlətinin bizə böyük diqqət və qayğısı var. Disporla İş üzrə Dövlət Komitəsinin, şəxsən Komitənin sədri Nazim İbrahimovun dəstəyi ilə Danimarkada "Azərbaycan Evi"ni yaratdıq. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirik. Çünkü Danimarkada yaşayan azərbaycanlıların yığışmaq üçün yerləri yox idi. Sonra biz orada Azərbaycan məktəbini, sonra musiqi məktəbini açdıq. Musiqi məktəbində həm azərbaycanlı, həm də danimarkalı müəllimlər çalışır. Azərbaycanlı müəllimlər Azərbaycan milli musiqi və rəqslərini, danimarkalı müəllimlər isə danimarka musiqisi və rəqslərini azərbaycanlı uşaqlara öyrədir. Azərbaycan musiqisini, incəsənətini və mədəniyyətini təbliğ etməkdə musiqi məktəbinin böyük rolu var. Danimarkanın rəsmi dövlət tədbirlərində Azərbaycan musiqi məktəbinin kollektivi həmişə ön sıralarda olur. Bu da təkcə "Vətən" Cəmiyyətinin deyil, ümumilikdə Azərbaycanın uğurudur, Azərbaycan hökumətinin yürütdüyü daxili və xarici siyasətin nəticəsidir.

- Danimarkada erməni diaspor təşkilatları fəaliyyət göstərirmi? Onların fəaliyyəti "Vətən" Cəmiyyətinin işinə maneçilik törədirmi?

- Danimarkadakı Ermənistan səfirliyinə və erməni diasporuna qarşı mübariə aparan yeganə mərkəz "Vətən" Cəmiyyətdir. Biz Danimarkada cəmiyyət quranda orada siyasi partiyaların işində, rəsmi dövlət tədbirlərində iştirak edəndə nə bir erməni cəmiyyəti var idi, nə də Kopenhagendə Ermənistan səfirliyi fəaliyyət göstərirdi. Dörd ildir ki, Ermənistanın Kopenhagendə səfirliyi var. Ötən il Ermənistan səfirliyi Kopenhagen şəhər bələdiyyəsindən icazə alıb, şəhərin mərkəzi meydanında qondarma "erməni soyqırımı"na həsr olunan abidə ucaltmaq istəyirdilər. Bu, müvəqqəti abidə idi, yəni 10 günlük qoyulur. Amma bu müddət qondarma "erməni soyqırımı" üçün böyük bir təbliğat idi. Dərhal biz türkdilli dövlətlərin cəmiyyətlərini hərəkətə gətirib, Kopenhagen bələdiyyəsinə etiraz məktubu yazdıq. Məktublar 1000-dən artıq türkdilli dövlətin Danimarkada yaşayan nümayəndələri hazırladı. Daha sonra biz abidənin qoyulmasına etiraz yürüşü keçirmək üçün icazə istədik. Yürüş Kopenhagen şəhərinin mərkəzi küçələrindən başlayaraq erməni abidəsinin qoyulmasının nəzərdə tutulduğu əraziyədək davam edəcəkdi. Bundan sonra şəhər bələdiyyəsi ermənilərə verdiyi qərarı ləğv etdi. Çünkü onlar fikirləşdilər ki, biz yürüş zamanı hərəkət etdiyimiz küçədə ermənilərlə toqquşa bilərik. Həm də ərazidə olan kafe, restoran və ticarət obyektlərinə dəyən ziyanı ödəmək üçün heç bir sığorta şirkəti məsuliyyəti öz üzərinə götürmədi. Beləliklə, mərkəzi meydanda qondarma "erməni soyqırımı" abidəsinin qoyulması üçün verilən qərarın ləğv olunmasına nail ola bildik. Bu bizim ən böyük uğurlarımızdan biridir.

- Danimarkaya Asiya və Afrika ölkələrindən miqrant axını oldu. Danimarka dövləti və ictimaiyyəti miqrantların ölkələrinə gəlməsini necə qarşıladılar?

- Avropaya güclü miqrant axını oldu. Buna görə də Danimarka Almaniya və İsveçrə ilə sərhədlərini möhkəmləndirdi. Şengen zonası qalır. Sadəcə olaraq, pasport nəzarəti işləri gücləndirilidi. Miqrant axınının qarşısını almaq mümkün deyildi. Dövlət növbəti mərhələdə miqrantların yerləşdirilməsi, onların ərzaq məhsulları və digər lazımi avadanlıqlarla, geyim və əşyalarla təmin etdi. Miqrantların yaşaması üçün dövlət büdcəsindən vəsait ayrıldı. Düzdür, Danimarkaya əvvəllər də qaçqın və miqrant axını olub, amma bu qədər geniş miqyası əhətə edən miqrant axını olmayıb. Sosial Demokrat Partiyası və bəzi siyasi partiyaların nümayəndələri miqrantları gül-çiçəklə qarşıladılar. Müharibənin qorxulu ölümlərindən yaxa qurtaran insanların, İŞİD terror qruplaşmasının əlindən və ölümün pəncəsindən qurtulanların yalnız bir məqsədi var idi - yaşamaq! Lakin Danimarkada radikal millətçi və solçu partiyaların nümayəndələri hər zaman etiraz edirdilər. Miqrant axınlarının qarşısını almağa çalışır və bu istiqamətdə qanunları sərtləşdirirdilər. Bu gün də hakimiyyətdə radikal millətçi və solçu partiyalardır. Onlar elə qanunlar qəbul edirlər ki, miqrant axınının qarşısını ala bilsinlər. 

Son xəbərlər

Orphus sistemi