"Azad olunmuş Qarabağa səhayət zamanı Şuşa şəhərini görəndə həyəcandan nitqim tutuldu".
Bunu “Report”a Diasporla İş üzrə Dövlət Komitəsin təşkilatçılığı ilə Şuşanı ziyarət edən İsrailin Kiryat Yam şəhərindən olan “Qafqaz mədəniyyət mərkəzi”nin rəhbəri Şmaelov Ben Sion bildirib.
Qarabağın azadlığı uğurunda vuruşmuş qazilərə can sağlığı arzulayan, şəhidlərə tanrıdan rəhmət diləyən əslən azərbaycanlı olan, Qubada anadan olmuş Ben Sion Vətən müharibəsindəki tarixi zəfərin İsraildə yaşayan bütün Azərbaycan əsilli insanları qürurlandırdığını bildirib.
“Arzu edirəm ki, Qarabağı yenidən əvvəlki tək abad görək, həyat öz axarına qayıtsın, əhali dədə-baba yurduna köçsün və hər evdə ocaq qalansın. İnanıram ki, bu, tezliklə baş verəcək və növbəti səfərlərimiz zamanı hər bir azad olunmuş kənddə həmin insanların evlərini ziyarət edəcəyik”, - Şmaelov Ben Sion deyib.