Paris şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində Novruz bayramı qeyd edilib.
“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, Fransadakı Azərbaycan səfirliyinin dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət Mərkəzində baş tutan tədbirdə azərbaycanlı uşaqlar bayram musiqilərimizi, milli rəqslərimizi ifa edib, Novruz bayramının ənənələrini əks etdirən səhnəciklər göstəriblər.
Uşaqların nümayiş etdirdikləri yumurta döyüşü, papaqatma və digər Novruz adətləri fransalı qonaqların böyük marağına səbəb olub. Tədbir zamanı fransalı qonaqlara Novruz bayramının atributları haqqında məlumat verilib.
Azərbaycan məktəbinin müəllimi Mehri Quliyeva bildirib ki, şagirdlər ana dilimizi, tariximizi öyrənməklə yanaşı, milli bayramlarımıza, milli musiqilərimizə, adət-ənənələrimizə böyük maraq və yüksək fəallıq nümayiş etdirirlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev uşaqların bu yüksək fəallığını alqışlayıb, məktəbin müəllim və şagirdlərini, həmçinin valideynləri Novruz münasibətilə təbrik edib.
Paris Azərbaycan Evinin prezidenti, Azərbaycan məktəbinin direktoru Mirvari Fətəliyeva, uşaqların iştirakı ilə milli bayramlarımıza həsr edilmiş tədbirlərin təşkil edilməsinin yaşadığımız ölkədə, milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çox vacib olduğunu bildirib.
Novruz adət-ənələrinə həsr edilmiş azərbaycanlı rəssamlar Mehri Quliyeva və Ruziyyə Şabanovanın rəsm əsərləri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 5 ildən artıqdır ki, fəaliyyət göstərən Azərbaycan məktəbində azərbaycanlı uşaqlara zəngin milli irsimiz aşılanır, tarixi qəhrəmanlarımız, şəhidlərimiz, dünya ədəbi irsində öz dəsti-xətti olan mütəfikkir şairlərimiz, yazıçılarımız haqqında məlumat verilir, ana dilimiz tədris edilir.