Bakı. 19 may. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkilatçılığı ilə bu gün Riqada liderlərin növbəti toplantısı başlayır.
Məlumatda qeyd olunub ki, toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. İki gün davam edəcək iclasda Avropa qonşuluq siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, qonşuluq siyasətinin həyata keçirilməsinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılacaq.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Bosniya və Hersoqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski, Albaniyanın sabiq prezident Recep Meydani iştirak edəcək.
Bundan başqa, müzakirələrə Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko, Latviyanın eks-prezidenti Valdis Zatlers də qatılacaq.