Bakı. 18 oktyabr. REPORT.AZ/ Niderland Krallığında erməni lobbisi tərəfindən məhkəməyə verilən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının apellyasiya şikayəti əsasında Zvolle şəhər məhkəməsində iclas keçirilib.
İ.Aşkın “Reporta”a açıqlamasında deyib ki, iclasda yaxın iki həftə ərzində mövzu ilə bağlı faktların yenidən araşdırılacağı və oktyabrın 31-də son qərarın açıqlanacağı bildirilib:
"Bilirsiniz ki, 24 fevral 2014-cü ildə ermənilər Niderlandın Almelo şəhərində sözdə soyqrımı ilə bağlı abidə tikdilər. Bizim təşkilat digər türk təşkilatları ilə birgə bu məsələyə etiraz olaraq mitinq keçirdi. Sözügedən mitinqdə bir çox şəxslər çıxış etdi. Çıxış edənlərin biri də mən idim. Çıxışım zamanı bildirdim ki, siz Qarabağı işğal etmisiniz, o torpaqlar bizim torpaqlardır və siz o torpaqları tərk etməsəniz, əlbətdə ki, o torpaqlar birgün sizə məzar olacaq. 6 dəqiqəlik çıxışım olmuşdu və çıxışımın sonunda da bu kəlməni işlətmişdim. Onlar 2016-cı ildə 6 dəqiqəlik çıxışımı kəsərək 1 dəqiqəlik çıxışı məhkəməyə verdilər. Mənə 1 ay həbs və 120 saatda ictimai iş cəzası verdilər. Biz də bu məsələyə etirazımızı bildirdik və ali məhkəməyə müraciət etdik. İclas da bu müraciətimiz əsasında idi”.
Diaspor rəhbəri bildirib ki, bu məsələdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, xüsusilə sədr Fuad Muradov daim onların yanında olub, məsələni nəzarətdə saxlayıb: “Fuad Muradovun bizə maddi və mənəvi dəstəyi çox oldu. Bu baxımdan, Fuad müəllimə təşəkkürümü bildirirəm. Amma ümumi davamız olan bu məhkəmə prosesində yanımızda Azərbaycanın Niderlanddakı bəzi diaspor rəhbərləri, diplomatik korpusdan nümayəndələrin də olmasını gözləyirdim. Bir qism yanımda idi. Məsələn Füzuli Məmmədov, Səftər Rəhimli və digərləri daim mənimlə oldular”.
Mübariz Aslanov