Myanmanın paytaxtı Naypyitoda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının ucaldılma mərasimi keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Naypyito Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq məktəbinin direktoru, diaspor fəalı Elşən Bənnayevin təşkilatçılığı ilə baş tutan mərasimdə Azərbaycan Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız ucaldılıb.
Mərasimdə 10 müxtəlif ölkəni təmsil edən müəllim və şagirdlər iştirak ediblər.
Mərasimdə çıxış edən soydaşımız bildirib ki, Azərbaycanın rəsmi rəmzlərindən biri olan dövlət bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2010-cu ildən etibarən hər il 9 noyabr taixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
E.Bənnayev deyib ki, Myanmada diplomatik nümayəndəlik olmasa da, 2019-ci ildən bəri bu ölkədə Azərbaycan bayrağı dalğalanır.